Dünya Türkiyənin təkcə İsrailin Fələstini bombalamasına son qoymaq üçün yox, həm də dünyanın ən həlledilməz münaqişələrindən birini çözmək üçün potensial vasitəçi kimi ortaya çıxdığını gördü.
Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə”nin (Qətər) analizində deyilir.
Təhlildə qeyd olunur ki, bir çox ölkə HƏMAS tərəfindən əsir götürülən vətəndaşları üçün Türkiyədən yardım istəyib. Analizdə Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsində vasitəçiliyi və taxıl dəhlizindəki uğurlu diplomatiyasına yer verilərək, onun İsrail və Fələstin arasında da uğurlu vasitəçi olacağına diqqət çəkilib.
“Əl-Cəzirə” Türkiyənin Fələstinlə əlaqələrinin olduğunu və bunun Fələstinlə əlaqələr qurmaq baxımından nadir hal sayıldığını bildirir.
Türkiyə parlamentinin keçmiş deputatı Taha Özhan sayta deyib:
“Türkiyənin HƏMAS-la yaxşı əlaqə kanalı var, bu, mühüm bir amildir. Böhran dövrlərində ünsiyyət kanalları və münasibətlər vacibdir”.
Təhlildə vurğulanır ki, Prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidan son Qəzza münaqişəsinin həllində mərkəzi rol oynaya bilərlər: “Onların əsas diqqəti Qəzzada mülki şəxslərə humanitar yardım göstərmək və HƏMAS tərəfindən girov saxlanılan təxminən 200 nəfərin azad edilməsini təmin etməkdir”.
Məqalədə Fidanın Beyrutdakı çıxışına istinad edilərək, onun müxtəlif ölkələrin vətəndaşlarının azad edilməsi üçün Türkiyədən kömək istədiklərini söylədiyi bildirilib. Təhlildə Hakan Fidanın bu sözləri də yer alıb: “HƏMAS-ın siyasi seqmenti ilə görüşməyə başlamışıq. Xüsusilə uşaqları və əcnəbiləri azad etmək üçün çox səy göstəririk”.
“Əl-Cəzirə” Fidanın region liderləri ilə görüşdüyü, ABŞ dövlət katibi Entoni Blinken və HƏMAS lideri İsmayıl Haniyə ilə telefon danışığı apardığını yazır.
Təhlildə Fidanın Ankaranın ikidövlətli həll yoluna əsaslanan qalıcı və hərtərəfli sülhün qapısını açmağa çalışdığını, Türkiyənin qarant ola biləcəyini ifadə etdiyi vurğulanır.
“Köhnə metodologiyalardan istifadə etməklə daimi həll yolunun tapılacağına inanmırıq, ona görə də qarşıdakı görüşlərdə yeni üsulların istifadəsi ilə bağlı fikirlərimizi ifadə etməyə davam edəcəyik”, - Türkiyənin baş diplomatı deyib.
“Əl-Cəzirə” qeyd edir ki, Türkiyə fələstinlilərin gələcəyi ilə bağlı müzakirələrə imkan verəcək siyasi çərçivəni irəli sürmək üçün ən yaxşı variant ola bilər.