Çin xarici işlər naziri Vanq Yi israilli və fələstinli həmkarları ilə danışıb və Qəzzada mülki insanları qorumağa çağırıb.
Teleqraf.com xəbər verir ki, bu, İsrail-HƏMAS müharibəsi başlayandan bəri tərəflər arasında ilk telefon danışığı olub.
Çinin baş diplomatı həmkarlarına bütün ölkələrin özünümüdafiə hüququnun olduğunu, amma mülki insanları qorumaq və beynəlxalq hüquqa riayət etməli olduqlarını söyləyib.
Vanq israilli həmkarı Eli Kohenlə apardığı danışıqlarda Çinin davam edən münaqişədən dərin narahat olduğunu bildirib.
“Bütün ölkələrin özünümüdafiə hüququ var, amma tərəflər beynəlxalq humanitar hüquqa riayət etməli və mülki şəxslərin təhlükəsizliyini qorumalıdır. İndi ən aktual vəzifə vəziyyətin daha da gərginləşməsinin və daha ciddi humanitar fəlakətə gətirib çıxarmasının qarşısını almaqdır”, - çinli nazir vurğulayıb.
Vanq həmçinin fələstinli həmkarı Riyad əl-Maliki ilə danışaraq, Pekinin Fələstin tərəfinə rəğbətini ifadə edib.
“Qəzza xalqının hazırda ən çox ehtiyacı olan şey müharibə, silah və sursat deyil, təhlükəsizlik, ərzaq və dərmandır”, - Vanq Malikiyə deyib.