İran silahlı qruplaşmaların ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına hücumlarını fəal şəkildə dəstəkləyir və Birləşmiş Ştatlar regionda daha genişmiqyaslı münaqişə ehtimalından narahatdır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
“Bizə məlumdur ki, İran bu prosesləri diqqətlə izləyir və bəzi hallarda bu hücumlara fəal kömək edir”, - Kirbi bildirib.
ABŞ rəsmisi əlavə təfərrüatlar vermədən İranın silahlı qruplaşmaları raket, sursat və digər resurslarla təmin etdiyini söyləyib.
İran uzun müddətdir “Hizbullah”, “Həşd əş-Şabi” və HƏMAS da daxil olmaqla, bölgədəki çoxsaylı silahlı və terrorçu qruplaşmaları dəstəkləyir. Artıq Bayden administrasiyası Suriya və İraqda ABŞ qüvvələrinə hücumların artması barədə xəbərdarlıq edib.
“İslam Müqaviməti” Hərəkatı Suriyanın Ət-Tanf, Əl-Malikiyyə və Əl-Rukban bölgələrindəki Amerika bazalarına hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Həmçinin oktyabrın 23-də Suriyanın Əş-Şədadi bölgəsindəki Amerika bazasına PUA hücumu barədə məlumat yayılıb.
Qəzzada İsrail-HƏMAS toqquşmasının başlamasından sonra İranın dəstəklədiyi terrorçu qruplaşmaların bölgədə fəallığı artıb.