“Təxminən bir aya yaxın fasilədən sonra hakim “Vətəndaş Müqaviləsi” Partiyası Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə kollegiya iclası keçirib. Qapalı iclasının eksklüziv təfərrüatlarını əldə etmişik”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.
“Paşinyan idarə heyətinin iclasında komanda yoldaşlarına deyib ki, ruslar indi ondan hakimiyyəti almaq istəyirlər, ona görə də hakimiyyəti qorumaq üçün sərt və aydın addımlar atmaq lazımdır. Məsələ budur ki, Paşinyan anti-Rusiya addımlarının nəticəsiz qalmayacağını çox gözəl anlayır, Rusiya artıq Ermənistanı etibarlı tərəfdaş hesab etmir və ölkədə hakimiyyət dəyişikliyini istəyir. Buna görə də, Nikol Paşinyan komanda yoldaşlarına əsas silahlarından istifadə etməyi, yəni cəmiyyətdə parçalanma və nifaq salmağı tapşırıb. Hər şeyi etmək lazımdır ki, Qarabağ erməniləri burada aksiyalar keçirməyə davam etsin, onlar Ermənistan hakimiyyəti və hüquq-mühafizə orqanlarından talançılara qarşı mübarizəyə başlamağı tələb etsinlər”, - məlumatda deyilir.
Nəşrin iddiasına görə, Paşinyan nəyin bahasına olur-olsun ləğv edilmiş qondarma qurumu gözdən salmaq istəyir:
“Əsas hədəf Samvel Şahramanyandır. Narazılıq oxlarının Şahramanyana tərəf yönəlməsinə çalışırlar. Amma Paşinyan bununla məhdudlaşmaq istəmir. O, hakim partiyanın üzvlərinə erməni cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirməyi, keçmiş hakimiyyət üzvlərinin Rusiyanın köməyi ilə iqtidara qayıtmaq istədiklərini bütün mümkün vasitələrlə bəyan etməyi tapşırıb”.
“Joqovurd” hazırda İrəvanda olan separatçı Samvel Babayanın da kiçik komandası ilə prosesə qoşulduğunu bildirir.