Bu gün Ermənistanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiyanın Ermənistandakı səfirinin Ermənistan XİN-ə çağırılması ilə bağlı sualı cavablandıran Zaxarova öz növbəsində Ermənistanın Moskvadakı müvəqqəti işlər vəkilinin Rusiya XİN-ə çağırıldığını söyləyib.
O qeyd edib ki, Rusiya rəhbərliyi, diplomatları, sülhməramlılar - hansılar ki, erməni xalqının təhlükəsizliyi üçün öz həyatlarını riskə atırlar və hətta qurban verirlər - barədə "odioz" nəşrlər erməni diplomatın diqqətinə çatdırılıb.
Ermənistanın kütləvi informasiya vasitələrində, o cümlədən hakimiyyətin nəzarətində olan İctimai televiziyada, teleqram kanallarında aparılan anti-Rusiya kampaniyasının qəbul edilməzliyi müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.
"Əminəm ki, Ermənistan tərəfi söhbətin nədən getdiyini anlayır", - Rusiya XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya televiziyasında respublika rəhbərliyi ilə bağlı “qəbuledilməz bəyanatlara” görə Ermənistan Xarici İşlər Nazirliyində Rusiya səfiri Sergey Kopırkinə etiraz notası təqdim edilmişdi.