İsrail HƏMAS-ın canlı qüvvə və obyektlərinə zərbələr endirərək, gecə saatlarında Qəzzaya tank və qoşun yeridib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Qəzzanın şərq ərazilərinə hücum piyada və zirehli qüvvələr, eləcə də İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr və döyüş helikopterləri ilə həyata keçirilib.
SAXAL bildirir ki, qısamüddətli reyd zamanı HƏMAS-a aid obyektlərə, o cümlədən tank əleyhinə idarəolunan raket buraxılış məntəqələri və komanda mərkəzlərinə artilleriya və hava zərbələri endirilib. Bir neçə HƏMAS üzvü də məhv edilib.
Bütün İsrail qüvvələri bir neçə saatdan sonra ərazini tərk edib, xəsarət alanların olmadığı deyilir.
Qeyd edək ki, bu, İsrail ordusunun Qəzzaya ikinci məhdud müdaxiləsidir.