27 Oktyabr 2023 12:10
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük dövlətlər müxtəlif qitələrdə öz maraqları uğrunda mübarizə apararkən, soyuq Arktikanı da unutmurlar. ABŞ, Rusiya və Çinin Arktikaya marağı ilbəil artır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri hesab edirlər ki, Moskva NATO-nun Arktikada hərbi tədbirlərindən narahatdır:

“Moskva Finlandiya və İsveçin NATO üzvlüyünə qəbulunu Arktika üçün təhlükə kimi qiymətləndirir. Çünki Moskvada hesab edirlər ki, bu iki ölkə NATO-ya qoşulduqdan sonra alyans Arktikada hərbi fəallığını artıracaq. Rusiya xarici işlər naziri Sergey Lavrov NATO-nun Arktikada iştahının artdığını bildirib. Lavrova Rusiyanın buna adekvat cavab verəcəyini deyib.

Rusiya Arktikada hərbi varlığını gücləndirib. Rusiya Prezidenti Vladimir Putin ölkəsinin bu bölgədə müxtəlif layihələr həyata keçirəcəyinin anonsunu verib. Putin bununla bağlı strategiyanı 2020-ci ildə təsdiq edib. Rusiya Arktikanı dron çəkilişləri vasitəsilə nəzarətdə saxlamağa çalışır. Dronlar Rusiyanın hərbi gəmilərindən havaya qaldırılır. Rusiya Arktikada atom buzqıran gəmilərinin sayını artırmağa da qərar verib.

Beləliklə, Rusiya Arktikada NATO ilə mübarizəyə hazırlaşır. Moskva bu məqsədlə Pekinə əməkdaşlıq təklifi edib. Çin Rusiya ilə belə bir əməkdaşlığa hazırdır. Bu barədə Pekində keçirilən “Bir Kəmər, Bir Yol” Forumunda da müzakirələr aparılıb”.

Təhlildə vurğulanır ki, Moskvanın Pekinlə Arktikada əməkdaşlığının iki əsas məqsədi var:

“Birincisi, Moskva bununla Vaşinqton və NATO-ya mesaj göndərir ki, Rusiya Qərbə qarşı mübarizədə tək deyil, hər yerdə olduğu kimi Arktikada da Çinlə əməkdaşlıq edir. İkincisi, Moskva Pekini bölgəyə cəlb etməklə “Bir Kəmər, Bir Yol” projesinin bir ucunu da Şimal Buzlu okeana yönəlməsinə çalışır. Bununla bağlı Moskva ilə Pekin arasında işçi qrup formalaşacaq. Moskva iddia edir ki, Şimal istiqaməti daha ucuz və məsafəsi az olandır.

Reallıq fərqlidir. Avropa dövlətləri Çin məhsullarını Arktika üzərindən qəbul etməyə hazır deyil. Arktikada lazımi infrastruktur yoxdur. Çinin özü də hansı istiqamətlərə üstünlük verəcəyini hələ tam müəyyənləşdirməyib, “Bir Kəmər, Bir Yol”un müxtəlif istiqamətləri var, ancaq heç biri tam gücüylə işləmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər