ABŞ İsrailə qarşı hücumundan sonra HƏMAS-la əlaqəsi olan şəxslərə və təşkilatlara qarşı sanksiyaların ikinci mərhələsini elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi məlumat yayıb.
Açıqlamada deyilir ki, yeni sanksiyalar İranın HƏMAS-a maliyyə, maddi-texniki və əməliyyat dəstəyinin təmin edilməsində rolunu vurğulayır. Onların arasında HƏMAS-ın Tehrandakı nümayəndəsi və “İslam İnqilabı Keşikçiləri Korpusu”nun (SEPAH) üzvləri də var.
Sanksiyalarda məqsəd HƏMAS-ın beynəlxalq maliyyə sistemindən istifadəsinin qarşısını almaq, eləcə də qruplaşmanı maliyyələşdirən şəbəkələri sıradan çıxarmaqdır.
ABŞ-ın “qara siyahı”sında HƏMAS-la İran rejimi arasında vasitəçi kimi təqdim olunan Xalid Qəddumi və SEPAH-ın “Qüds” briqadasının HƏMAS üzvlərinə təlim verməkdə və yardım etməkdə ittiham olunan rəsmiləri Əli Mürşid Şirazi və Mustafa Məhəmməd Qəni də var.
ABŞ həmçinin bir sıra qurumlara, o cümlədən İranın “Şəhidlər Fondu” kimi tanınan “Bonyad Şahid” təşkilatına da sanksiya tətbiq edib.