Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) beynəlxalq əməkdaşlıq naziri Rim bint İbrahim əl-Haşimi HƏMAS-a qarşı İsraili dəstəkləməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə BƏƏ-nin Dezinformasiyalarla Mübarizə Komitəsi məlumat yayıb.
Açıqlamada nazirin BMT Təhlükəsizlik Şurasında “Bütün azad ərəblər İsrailin yanındadır” ifadəsini işlətmədiyini bildirilib.
“Bəzi sosial media hesablarında BƏƏ-nin beynəlxalq əməkdaşlıq naziri Rim bint əl-Haşiminin adından paylaşılan “Bütün azad ərəblər İsrailin yanındadır” iddiası doğru deyil. Nazirin BMT Təhlükəsizlik Şurasındakı bəyanatında belə bir ifadə müəyyən edilməyib. BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş da Rim bint əl-Haşiminin Qəzza və İsraillə bağlı çıxışının təhrif edildiyini açıqlayıb”, - açıqlamada deyilir.
Əl-Haşiminin adından yayılan iddia bir sıra müsəlman ölkələrində sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.