Mahaçqaladakı (Dağıstan) iğtişaşlar Rusiya cəmiyyətində radikallaşma və qruplaşmanın gücləndiyini göstərir. Dağıstanda baş verənlərə görə Ukrayna və ya Qərbi ittiham etmək cəhdləri Rusiya rəsmilərinə radikal əhval-ruhiyyənin güclənməsinə görə məsuliyyətdən yayınmağa imkan verir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
ISW iddia edir ki, son olaylar Ukraynadakı müharibənin gücləndirdiyi hipermillətçi ideologiyalar nəticəsində yaranmış Rusiya cəmiyyətində artan radikallaşma və qruplaşmanı göstərir. NATO-nun Strateji Kommunikasiyalar Mərkəzinin direktoru Yanis Sarts da bu fikirdədir. O, baş verənləri “Rusiya cəmiyyətinin radikallaşmasının təzahürlərindən biri” adlandırıb.
Sartsın fikrincə, Rusiya KİV-ləri Ukrayna, Qərb və İsrailə qarşı nifrət aşılayır. O, Rusiyanın Ukraynaya qarşı müharibəsində həlak olan hərbçilərdən çoxunun Dağıstandan olduğunu iddia edir.
ABŞ institutu federasiyada güclənən hipermillətçi ideologiyaların Rusiyadakı etnik azlıqlar üçün təhlükə kəsb etdiyini bildirir.