1 Noyabr 2023 12:14
3 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan Çinlə birgə antiterror təlimlərinə hazırlaşır. Bununla əlaqədar saziş Çin lideri Si Cinpinlə Tacikistan Prezidenti Emomali Rəhmon arasında mayda imzalanıb. Çinlə Tacikistan ən azı iki ildən bir birgə hərbi təlimlər keçirməyi qərarlaşdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertlərinin fikrincə, Çin Tacikistanla hərbi əməkdaşlığa və birgə hərbi təlimlərə iki səbəbdən ehtiyac duyur:

“Birincisi, Çinin Tacikistanda böyük yatırımları və ortaq müəssisələri var. Əfqanıstanı Çinlə birləşdirəcək nəqliyyat yolu Tacikistan ərazisindən keçəcək. Bu yol Əfqanıstan üçün vacibdir. Yəni Pekin həm Tacikistandakı yatırımlarını qoruyur, həm də Əfqanıstanı regional layihələrə qatmaq istəyir.

İkincisi, Çin Əfqanıstanın Taliban rejimi ilə sıx əməkdaşlıq etsə də, Kabildə səfirliyinin fəaliyyəti bərpa olunsa da, Pekin bu bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsində qərarlıdır. Pekin Əfqanıstanın müxtəlif bölgələrindəki radikal islamçı qruplardan ehtiyatlanır. Taliban Çinlə siyasi-iqtisadi əməkdaşlığa üstünlük versə də, ölkədəki bütün silahlı qruplara nəzarət edə bilmir. Pekini narahat edən də budur. Ona görə də Çin Tacikistanla birgə hərbi təlimlər keçirməklə Əfqanıstandakı radikal qruplara xəbərdarlıq mesajı göndərir”.

Təhlildə vurğulanır ki, Çin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi üçün Düşnbəyə maliyyə yardımı da ayırıb:

“Tacikistan bu yardımın hesabına sərhəddə 40 müşahidə postu qurub. Çinin dəstəyi hesabına sərhəddə hərbi mərkəz də tikilib. Bu bazanın tikilməsinə Çin 9 milyon dollar xərcləyib. Həmin hərbi mərkəzin bütün gündəlik xərclərini də Çin ödəyir. Bundan başqa, Pekin Düşənbədə terrorla mübarizə mərkəzinin inşasına 19 milyon dollar ayırıb.

Çinin Tacikistanla sıx hərbi əməkdaşlığı Kremli narahat etməyə bilməz. Rusiya və Çin strateji tərəfdaşlar sayılsalar da, iki dövlətin Mərkəzi Asiya uğrunda mübarizəsi davam edir. Rusiyanın da Tacikistanda hərbi bazaları var. Rusiya bu ölkədə bir başqa dövlətin hərbi varlığını istəmir. Buna baxmayaraq, Çin Mərkəzi Asiyaya yatırımlarla yanaşı, hərbi gücüylə də gəlməyə başlayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər