Miçiqan ştatındakı demokratlar ABŞ Prezidenti Co Baydenin İsrailə dəstəyinə görə Ağ Evə xəbərdarlıq ediblər.
Teleqraf.com xəbər verir ki, demokratlar ştatda üstün mövqeyə malik ərəb icmasının 2024-cü il seçkilərində Baydeni dəstəkləməyəcəyini, bunun da onun məğlubiyyətinə yol açacağını deyirlər.
“Mesaj ötürülüb. Ağ Evlə danışıqlarımız olub. Vaşinqton rəsmilərinə zəng etmişik”, - Miçiqan ştatının Nümayəndələr Palatasındakı demokratların rəhbəri Abraham Aiyaş bildirib.
Siyasətçi ABŞ prezidentinə bütün bəşəriyyətin vacib olduğu məqamını çatdırdıqlarını söyləyib. O, Baydenin hazırkı mövqeyinin seçkilərin nəticələrində öz əksini tapacağını vurğulayıb.
Aiyaş Ağ Evlə danışan ərəb icmasının liderlərinin narahatlıqlarını və seçkilərlə bağlı fikirlərini Baydenə çatdırdıqlarını bildirib.
“Şübhəsiz ki, heç birimiz Trampın fəlakətli prezidentliyinin ikinci hissəsini görmək istəmirik. Bununla belə, narahatlıqlarımız lazımi şəkildə qarşılanmasa, Co Baydenə ikinci müddəti vermək fikrində deyilik”, - Aiyaş əlavə edib.
Miçiqan ABŞ-da ərəblərin ən çox yaşadığı ştatdır. Ştatının 310 000-dən çox sakini Yaxın Şərq və ya Şimali Afrika kökənlidir. Ərəblər Bayden atəşkəsə çağırmasa, onun yenidən seçilməsinə qarşı birləşəcəklərini deyirlər.