ABŞ dövlət katibi Entoni Blinkenin Ankaraya səfərinin arxasında Türkiyə ilə yanaşı, Qətər, Səudiyyə Ərəbistanı və Misiri fələstinlilərin Qəzzadan köçürülməsinə razı salmaq cəhdləri var.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Nədim Şənər deyib.
Onun iddiasına görə, İsrail kəşfiyyatının qəzzalıların Şimali Sinaya (Misir) köçürülməsi planı var:
“Hazırda bunun üzərində işləyirlər. Qəzzanın şimalından başlayan “süpürmə əməliyyatı” cənuba doğru gedir.
Misiri Rəfah qapısını açmağa razı salmağa çalışırlar. Həm hədələyirlər, həm də Qahirəni razı salmağa cəhd göstərirlər”.
Şənər xatırladıb ki, artıq İsrail fələstinlilərin qəbul edilməsi müqabilində Misirin Dünya Bankı və digər beynəlxalq qurumlara olan borclarının ödənilməsini təklif edib.
“Misir Ukraynadan sonra dünyada borc böhranı yaşayan ikinci ölkədir. Misir iflas ərəfəsində olan ölkədir”, - ekspert əlavə edib.
“Haber 7” saytının yazarı Fərhad Murad Blinkenin bundan əvvəl Türkiyə gəlmək istədiyini iddia edir:
“Oktyabrın 7-də baş verən hadisədən (HƏMAS-ın İsrailə hücumu) sonra Xarici İşlər Nazirliyinə zəng etmişdilər. Amma xarici işlər naziri Hakan Fidan həmin vaxt Misirdə görüş keçirirdi, bu səbəbdən Xarici İşlər Nazirliyi onu (Blinke) qəbul etmədi.
ABŞ dövlət katibinin noyabrın 5-də Türkiyəyə gələcəyi gözlənilir.