3 Noyabr 2023 13:53
1 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə görüşə hazırlaşır. Görüş San-Fransiskoda baş tutacaq. Liderlər San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Analizdə qeyd olunur ki, Bayden və Cinpin sammit çərçivəsində ayrıca görüşməyi planlaşdırır:

“Bundan əvvəl Çin xarici işlər naziri Van Yi və ABŞ prezidentinin müşaviri Ceyk Sallivan görüşmüşdü. Onlar liderlər arasında hansı mövzuların müzakirə ediləcəyini müəyyənləşdiriblər. Bayden və Cinpin beynəlxalq məsələlərlə yanaşı, İsrail-Fələstin münaqişəsini müzakirə edəcəklər. “Bloomberg” iki ölkə arasında münasibətlərdə gərginliyin bir qədər azaldığını yazsa da, Pekinlə Vaşinqtonun bir çox məsələyə baxışı hələ də fərqlidir.

Beynəlxalq tədqiqat mərkəzləri Cinpinin Pekində keçirilən “Bir Kəmər, Bir Yol” forumundakı çıxışını da analiz edirlər. Yalta və Potsdam konfranslarında müəyyənləşdirilən dünya nizamı artıq yoxdur. Böyük ölkələr arasındakı münasibətlərdə inamsızlıq var, müxtəlif bölgələrdə müharibələr baş verir.

Belə vəziyyətdə Cinpin çıxışında dünyada yeni nizamın formalaşdırılmasının zərurətini bildirib: “Dünyada hər şeyin qaydasında olması Çin üçün də önəmlidir. Qapılarımızı beynəlxalq aləmə açmışıq. Çin dünyanın 140 ölkəsi ilə ticarət əlaqələri qurub, dünyanın hər yerində yatırımlarımız var. Sülh və əməkdaşlıq nə qədər geniş yayılsa, bundan hamı faydalanacaq”.

Cinpin hamı üçün inkişaf strategiyasını bu şəkildə sıralayıb:

“Bir Kəmər, Bir Yol” üzrə nəqliyyat dəhlizləri (bu projeyə daxil olan Orta Dəhliz Cənubi Qafqazdan keçir – red.) genişləndirilməli və əlaqələndirilməlidir;

Dünya iqtisadiyyatı inkişaf etdirilməlidir;

Texnoloji innovasiyalar stimullaşdırılmalıdır;

Mədəni və humanitar əlaqələr gücləndirilməlidir;

Beynəlxalq əməkdaşlıq mexanizmləri təkmilləşdirilməlidir”.

Mərkəzin ekspertləri deyirlər ki, Çin lideri ümumbəşəri prinsiplərdən çıxış etsə də, əməldə fərqli siyasət yürüdülür:

“Məsələn, Çin yeni texnologiyaları əldə edə bilmədikdə, onlara xəfiyyələri vasitəsilə çatmağa çalışır. Çinin hərbi gücünü artırması da qonşularını qorxudur. Bundan başqa, Pekinin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə seyirçi qalması da, Qərbi narahat edən mövzulardandır. Buna görə də Cinpin Baydenlə müxtəlif mövzuları müzakirə etsə də, tərəflər öz mövqelərində qalacaq, bu, dərin fikir ayrılıqlarının qaldırılmasına kömək etməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər