Dünən ABŞ Prezidenti Cozef Bayden və İsrailin baş naziri Benyamin Netanyahu arasında baş tutan telefon danışığının detalları məlum olub.
Teleqraf.com xəbər verir ki, Bayden və Netanyahu Qəzza zolağında baş verənlər və müharibəyə humanitar yardım məqsədi ilə “taktiki fasilələr” haqqında fikir mübadiləsi aparıb.
Tərəflər mülki əhalinin təhlükəsiz yerlərə çatmasına kömək etmək, daha çox humanitar yardımın daxil olmasına imkan vermək və girovların azad edilməsi istiqamətində birgə fəaliyyət üçün Qəzzaya zərbələrin “taktiki fasilələr” imkanını müzakirə ediblər.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi hesab edir ki, Birləşmiş Ştatlar söhbətin sonunda yox, əvvəlindədir və taktiki fasilələr üçün mübarizəyə dəvam edəcəklər: “Qəzzaya son 24 saat ərzində gələn 30-a yaxın yük maşınlıq humanitar yardım yetərli deyil. Lakin daimi əlaqələrə əsaslanaraq, böyük fərq yarada bilmişik”.
Kirbi liderlərin həmçinin İordan çayının qərb sahilindəki vəziyyəti və terrorçu qrupların təhdidlərinin azaldılmasını müzakirə etdiklərini açıqlayıb.
Bayden və Netanyahu yaxın günlərdə yenidən danışmaqla bağlı razılığa gəliblər.