Türkiyənin Yunus Əmrə İnstitutunun rəhbəri Şeref Ateş Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Türkiyənin Yunus Əmrə İnstitutunun fəaliyyəti haqqında məlumat verməyinizi istərdik. Dünyanın neçə ölkəsində nümayəndəliyiniz var? Daha hansı ölkələrdə mərkəziniz fəaliyyət göstərəcək?
- Türkiyənin Yunus Emre İnstitutu 2009-cu ildə Ankarada fəaliyyətə başlayıb. İlk mərkəzimiz Saraybosnada açılıb. İlk illərdə fəaliyyətə başlayan mərkəzlərimizdən biri də Yunus Emre İnstitutunun Bakı nümayəndəliyi olub. Hazırda dünyada səksən beş mərkəzimiz və altmış altı ölkədə fəaliyyət göstəririk. Bəzi ölkələrin ərazisi böyük olduğu üçün orada bir neçə mərkəzimiz var. Əslində, bu il strateji planımız Cümhuriyyətimizin yüz illiyi ilə bağlı idi. Buna görə 2023-cü ildə 100 mərkəz açmaq istəyirdik. Amma bildiyiniz kimi bu ilin ilk yarısında Türkiyədə zəlzələ fəlakəti baş verdi və buna görə fəaliyyətimizi həmin vaxt dayandırdıq. Hazırda 85 mərkəzimiz var, inşallah ilin sonuna qədər 90 mərkəzimiz fəaliyyət göstərəcək. Yunus Əmrə İnstitutu dünyada Türkiyə ilə əlaqə quran insanların sayını artırmaq üçün yaradılıb. Türkiyənin dili, mədəniyyəti, tarixi və akademik zənginliyini dünyaya tanıtmaq və dünya mədəniyyətini isə Türkiyə ilə bir araya gətirmək məqsədi ilə qurulub. Bu baxımdan bizim birinci vəzifəmiz türk dilini öyrətməkdir. Bundan əlavə, mədəniyyət və incəsənət sahəsində müxtəlif layihələr həyata keçirmək, Türkiyənin elmi fəaliyyətini təbliğ etmək və ölkələrdə fəaliyyətimizin təməlini formalaşdırmaqdır. Bu nöqteyi-nəzərdən Yunus Əmrə İnstitutu bütün dünyada, eləcə də kök və tariximiz eyni olan Azərbaycan üçün bir fürsətdir. Azərbaycanın mədəniyyət naziri ilə görüşlərimizdə də vurğulamışıq, eləcə də dünyanın hansı ölkəsində olursa-olsun, Avropa, Amerika və s. bir çox qitələrdə mərkəzlərimiz Azərbaycan mədəniyyəti və tarixi üçün də açıqdır. Bir çox ölkələrdə də ortaq fəaliyyət göstərmək fürsətimiz olub.
- Səksən beş ölkədə mərkəzinizin olduğunu və ilin sonuna qədər daha beş mərkəzin fəaliyyət göstərəcəyini vurğuladınız. Həmin ölkələrin adlarını qeyd edə bilərsiniz?
- Hazırda, biz Uzaq Şərq və Afrika ölkələri üzərində işləyirik. İndoneziyada və ən son Kambocada mərkəzimiz fəaliyyətə başladı. Hazırda Banqladeş, Tailand, Mozambikdə mərkəzlər açmaq üçün çalışırıq. Honqonqla danışıqlarımız gedir. Biz vəqf olduğumuz üçün ölkələrlə mədəniyyət sahəsində müqavilə bağlayaraq və yaxud da səfirliyimizə bağlı qurum olaraq fəaliyyət göstəririk. Eləcə də bir çox ölkələrdə icma təşkilatı, vəqf və ya şirkət olaraq fəaliyyətimizə davam edirik. Bir az öncə qeyd etdiyim kimi ilin sonuna qədər beş ölkədə mərkəzimiz açılacaq.
- 2016-cı ildən Yunus Əmrə İnstitutunun rəhbəri kimi fəaliyyət göstərirsiniz. Qardaş ölkə olaraq Azərbaycanla əlaqələriniz haqqında danışmağınızı istərdik.
- Azərbaycanda nümayəndəliyimiz fəaliyyət göstərdiyi ilk gündən türk dilinin tədrisində çox əhəmiyyətli bir uğura imza atmışıq. Bununla yanaşı dünyada türk dili, türklüklə bağlı mühüm nailiyyət əldə etmişik. Biz türk dilinin dünya səviyyəsində qəbul edilməsini təmin edən imtahanlar təşkil etdik. Bizim Avropa standartlarına uyğun mərkəzimiz var. Türk dili imtahanında ən çox tələbə Azərbaycandan iştirak edir. Azərbaycanla dilimiz eynidir, kiçik fərqlərimiz var. Bu baxımdan Azərbaycan türkcəsindən, Türkiyə türkcəsini öyrənmək bir-iki ay ərzində mümkün olur. Kurslarımızda türk dilini öyrənən çox sayda tələbələr var və onlar imtahan verirlər. İmtahandan sonra Türkiyədə universitetlərdə hazırlıq kursu keçmədən birinci kursda təhsil almağa başlaya bilirlər. Bundan əlavə, Mədəniyyət Nazirliyi və nazirliyin tabeliyində olan qurumlarla əməkdaşlıq edirik. Xüsusilə, “Şuşa Bəyannaməsi”ndən sonra əlaqələrimiz daha sistemli xarakter aldı. Demək olar ki, hər ay Türkiyədən rəsmi şəxslərimiz Azərbaycana və yaxud da əksinə Azərbaycandan Türkiyəyə rəsmi şəxslər səfər edirlər. Beləliklə, Türkiyə ilə Azərbaycan arasında hər sahədə əməkdaşlıq mövcuddur. Keçən il Türkiyənin Bursa şəhərinin TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı baş tutan təntənəli açılış mərasimində Azərbaycanın mədəniyyət naziri də iştirak etdi. Türkiyə ilə Azərbaycanın mədəniyyət naziri arasında önəmli müqavilə bağlandı. Bu müqaviləyə əsasən, Türkiyə ilə Azərbaycanın mədəniyyət və incəsənət adamları bir araya gələrək layihələr həyata keçirəcəklər. Bu əməkdaşlıq isə Yunus Əmrə İnstitutu vasitəsilə həyata keçiriləcək və eyni zamanda üçüncü ölkə ilə birlikdə fəaliyyət göstərmək imkanı mümkün olacaq. Bu çox qiymətlidir, xüsusən də Qarabağın işğaldan azad edilməsindən sonra Avropa ölkələrində diasporalarda ortaq layihələr həyata keçirmək əhəmiyyətlidir. Azərbaycanda universitet və qurumlarla birlikdə layihələr həyata keçiririk. Gördüyünüz kimi, Türkiyədəki qurumlar, akademiklər eyni zamanda Azərbaycandakı qurumlar, akademiklərlə iş birliyi edirik. Bir neçə gün öncə Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinə ekskursiya etdirəcək “Uzun Həsən- Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılış mərasimi baş tutdu. Beləliklə, ortaq mədəniyyət tariximizi nümayiş etdirdik. Bu sərgi bir daha təsdiq etdi ki, birlikdə həyata keçirilən layihələr çox böyük əhəmiyyət kəsb edir və mükəmməl iş ortaya qoyulur. Azərbaycan mədəniyyətə, incəsənətə, tarixə çox önəm verir. Sərginin yüksək səviyyədə həyata keçməsi üçün çox əmək sərf edilib. Bu sərginin baş tutması həqiqətən də ortaq türk xalqı baxımından da çox qiymətlidir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri çox əhəmiyyətlidir. Gələcəkdə də burada Yunus Emrə İnstitutu mədəniyyət, incəsənət sahəsində birgə işbirlikləri həyata keçirməyə davam edəcək.
- Heydər Əliyev Mərkəzində baş tutan “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin təşkilində əməkdaşlıq etmisiniz. Bu haqda məlumat verməyinizi istərdik.
- Türkiyənin xarici ölkələrdə fəaliyyət göstərən qurumu olaraq təməl prinsipimiz əlaqə yaratmaqdır. Biz Heydər Əliyev Mərkəzi ilə eksponatları gətirmək üçün Türkiyədəki qurumlar, xüsusilə də Müdafiə və Mədəniyyət nazirlikləri və Türkiyə Prezidenti yanında Dövlət Arxiv İdarəsi ilə əlaqə yaratmaq üçün iş birliyi etdik. “Bir millət, iki dövlətik”. Tariximiz, dilimiz eynidir.
- Yunus Əmrə İnstitunun Bakı nümayəndəliyi ölkəmizdə bir çox layihələr həyata keçirir. Gələcəkdə nə kimi iş birlikləri gözlənilir?
- Öncə qeyd edim ki, Yunus Əmrə İnstitunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Krakılıç sağ olsun, özünü azərbaycanlı kimi görür. Yaxın günlərdə dünya çapında izlənən “Master Chef” proqramı Azərbaycanda çəkildi. “Master Chef” proqramı Səlçuk Krakılıçın əməyi sayəsində baş tutdu. Beləliklə, Azərbaycan mədəniyyətini yalnız Türkiyəyə deyil, dünyada tanıtdıq. Ona görə də biz Azərbaycanın mədəni həyatını tanıtmaq, azərbaycanlı gənclərin türklərlə birlikdə fəaliyyət göstərməsini istəyirik. Müxtəlif mədəniyyət sahələrində ortaq əsərlər təqdim etmək çox dəyərlidir. Ona görə də universitetlərlə də əməkdaşlığımızı davam etdiririk. Türkiyədən Azərbaycana ziyalıların gəlməsi və eləcə də Azərbaycandan Türkiyəyə ziyalıların getməsini təşkil edirik. Bu ölkələrimiz arasında formalaşan bir bağdır. Digər fəaliyyətimiz isə türk serialları və kino sahəsi ilə bağlıdır. Türkiyə bu sahədə də çox inkişaf edib. Türk serialları da Azərbaycanda çox izlənilir. Bu sahədə də iş birlikləri həyata keçirəcəyik. 2024-cü ildə əsas hədəflərimizdən biri budur. Beləliklə, ortaq iş birliklərinin olması həm Türk dünyası, həm də Türkiyə-Azərbaycan əlaqəsi baxımından çox qiymətlidir. Digər fəaliyyətlərimiz də davam edəcək. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın Mədəniyyət və Universitetinin tələbələrinin Türkiyədəki peşəkarlar ilə bir araya gəlib, iş birliyi etməsininin təməlini formaslaşdırmağa çalışacağıq.