Yanvarın 18-də Yaponiyanın cənub adası Kyuşuda yerləşən Saqa prefekturasında quş qripinin yayılmasının qarşısını almaq üçün təqribən 73 min toyuğun məhv edilməsinə başlanılıb.
Bu barədə prefekturaının hökümət orqanları məlumat yayıb. Virusun yayılması ötən həftənin əvvəllərində Arita şəhərindəki iki quşçuluq fabrikində qeydə alınıb. Fabrikin əməkdaşları 20-dək toyuğu ölü vəziyyətdə aşkar ediblər. Yoxlamadan sonra toyuqların quş qripindən öldüyü məlum olub.
Hazırda həmin təsərrüfatın kənarında üç kilometr radiusda karantin zona tətbiq edilib. Bununla yanaşı, yoluxmanın episentrinin ətrafında 10 kilometrlik məsafədə yerləşən 19 quşçuluq fabrikinə də məhsulların kənara çıxarılması qadağan edilib.
Yaponiyada bu qış artıq beş dəfə quş qripinə yoluxma qeydə alınıb və nəticədə 350 min toyuq məhv edilib.