Amerikalı diplomatlar Ağ Evə xəbərdarlıq ediblər ki, ABŞ İsrailin Qəzza zolağındakı əməliyyatına fəal dəstəyi fonunda ərəb dünyasındakı etibarını itirir.
Teleqraf.com CNN-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Omandakı səfirliyinin ABŞ Milli Təhlükəsizlik Şurası, Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosuna göndərdiyi teleqramda deyilir.
“Bayden administrasiyası ərəb ölkələrindəki ABŞ diplomatlarından kəskin xəbərdarlıq alıb ki, İsrailin Qəzza zolağında dağıdıcı və ölümcül hərbi kampaniyasına fəal dəstək ərəb ictimai rəyini gələcək nəsil üçün itirir”, - məlumatda bildirilir.
ABŞ-ın İsrailə aktiv dəstəyi ərəb dünyasında etirazla qarşılanıb.
ABŞ-ın Qahirədəki səfirliyindən CNN-ə verilən başqa bir teleqramda Misir dövlət qəzetinin şərhinə istinadla qeyd olunur ki, Prezident Co Bayden qəddarlığı və fələstinlilərə etinasızlığı ilə bütün sələflərini geridə qoyub.