Rusiya-Ukrayna müharibəsinin uzanması böyük dövlətlərin narahatlığına səbəb olub. Qərbdə bu müharibədən yorğunluq hiss edilir. ABŞ və bir qrup Avropa ölkəsində Ukraynaya müharibənin ilk ilindəki qədər maliyyə və hərbi dəstək verilməsinin nə dərəcədə məqbul olması barədə müzakirələr başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri qeyd edirlər ki, ABŞ-da gələn il keçiriləcək prezident seçkisinə qatılacaq namizədlər arasında Rusiya-Ukrayna müharibəsi barədə fikir mübadiləsi davam edir, müxtəlif açıqlamalar verilir:
“Məsələn, Respublikaçılar Partiyasından namizədliyini irəli sürməyə çalışan hind əsilli Vivek Ramasvami deyir ki, ABŞ diqqətini Çinlə qarşıdurmaya yönəltmək üçün Ukraynanı Rusiyaya “böyük güzəştlər” etməyə məcbur etməlidir. O fikrini belə əsaslandırıb ki, Vaşinqton Ukraynada döyüşləri dinc şərtlərlə dayandırmalı, Rusiyaya ciddi güzəştlər olunmalıdır. Onun sözlərinə görə, Koreya müharibəsindən sonra imzalanmış atəşkəs sazişinə bənzər bir şəkildə məsələ dondurulmalıdır. Eyni zamanda, Ramasvami Ukraynanın NATO-ya qəbul edilməsinin əleyhinədir. O hesab edir ki, Ukrayna ABŞ üçün xarici siyasət prioriteti olmamalıdır. Siyasətçinin fikrincə, Vaşinqton üçün əsas təhlükə Çin və Rusiya-Çin ittifaqıdır. Respublikaçı namizəd Rusiya və Çinin timsalında iki nüvə dövləti ilə mübarizənin çətin olacağı qənaətindədir.
Ramasvami onu da bildirib ki, prezident seçilərsə, Vladimir Putinlə razılaşa biləcək. Yəni onun fikrincə, Vaşinqton Ukraynanın NATO üzvlüyünü dəstəkləməsə, Kreml Ukraynaya qarşı müharibəni dayandıracaq. Halbuki müharibənin dayandırılması Ukraynanın öz ərazilərini itirməsi və ya işğalın dondurulmasıyla nəticələnəcək. Prezidenliyə iddialı olan bu şəxs isə Ukrayna torpaqlarının bir hissəsinin Rusiyaya güzəştə gedilməsi fikrinin tərəfdarıdır.
Ramasvaminin açıqlamalarından belə çıxır ki, Putinlə münasibətləri normallaşdırmaqla bütün gücü Çinlə mübarizəyə yönəltmək lazımdır. Ancaq Rusiya ABŞ-la yaxınlaşmaq üçün Çinlə münasibətlərin gərginləşməsinə getməz.
Vaşinqton 1970-ci illərin ortalarında SSRİ və Çinlə mübarizədə ikinci ilə münasibətlərin normallaşmasına üstünlük verdi, bu dəfə isə tərsinə, Rusiya ilə dostlaşıb Çinlə mübarizənin vacibliyi bildirilir. Vaşinqtonun Çinlə dostluğu uzun çəkmədiyi kimi Rusiya ilə dostluq ideyasının reallaşması da problematikdir”.