ABŞ müdafiə naziri Lloyd Ostin İraq və Suriyada Amerika hərbçilərinə qarşı hücumlar dayandırılmasa, İrana bağlı qruplaşmalara zərbələr endiriləcəyinə eyham vurub.
Teleqraf.com xəbər verir ki, dünən axşam saatlarında Amerika hərbçiləri Suriyanın Əbu Kamal şəhərinin yaxınlığında İran və ona bağlı qruplaşmalara aid obyektləri bombardman ediblər.
Zərbələr son həftələrdə İsrail və HƏMAS arasındakı müharibə ilə bağlı gərginliyin artdığı bir vaxtda İraq və Suriyada ABŞ və koalisiya qüvvələrinə qarşı ən azı 40 hücumun ardınca endirilib. Hücumlar nəticəsində 45 amerikalı hərbçi kəllə-beyin travması alıb və ya yüngül xəsarət alıb.
“Hücumlar dayandırılmalıdır, dayandırılmasa, tərəddüd etmədən yenidən qoşunlarımızı qorumaq üçün hər şeyi edəcəyik”, - Ostin baş verənlərlə bağlı deyib.
ABŞ müdafiə naziri son hava hücumlarının Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı qruplaşmaların istifadə etdikləri obyektlərə yönəldiyini bildirib.
“Bu zərbələr İraq və Suriyada ABŞ qüvvələrinə qarşı hücumlara birbaşa cavabdeh olan bu qrupların əməliyyatlarını pozmaq məqsədi daşıyır”, - Ostin vurğulayıb.