“Rusiya uzun müddət Ukrayna və Qərblə danışıqlara getməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib.
Ölkənin baş kəşfiyyatçısı iddia edir ki, müharibə uzun müddət davam edə bilər, çünki Rusiya Ukrayna ilə heç bir müqavilə imzalamayacaq, öz xaotik atəşlərini davam etdirəcək, amma intensiv hərbi əməliyyatlar aparılmayacaq.
Budanov həmçinin qeyd edib ki, tarixdə bir çox müharibələrin qanuni şəkildə bitmədiyinə dair nümunələr var. Məsələn, 1945-ci ildən formal olaraq müharibə vəziyyətində olan Yaponiya və Rusiya Kuril adalarının statusu ilə bağlı sülh müqaviləsi imzalamayıb.
“Bu ərazi problemi 70 ildən çoxdur ki, mövcuddur. Ona görə də bu ssenarinin burada da baş verməsi ehtimalı yüksəkdir. Çünki Rusiyanın Ukraynaya qarşı ərazi iştahı böyükdür, bu, təkcə Krımla bağlı deyil. Əlbəttə, heç kim bu iştahı təmin etmək fikrində deyil”, - Budanov bildirib.