Fransa müdafiə naziri Sebastyan Lekornu Yaxın Şərqdəki münaqişəni müzakirə etmək üçün elan olunmamış səfərlə Qətərə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Parisien” qəzeti məlumat yayıb.
Qətər girovların azad edilməsi ilə bağlı İsrail və HƏMAS arasında vasitəçi kimi çıxış edir. Bundan əvvəl Fransa Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Olivye Veran 8 Fransa vətəndaşının itkin düşdüyünü və HƏMAS-ın girovluğunda ola biləcəyini demişdi.
“Sebastyan Lekornu yenidən Qətərə gəlib. Bu səfər müdafiə nazirinin regionda keçirdiyi turun proqramına daxil edilməyib. Söhbət cəmi 48 saat ərzində Qətərə ikinci səfərdən gedir”, - nəşr yazır.
Qəzet xatırladır ki, bundan əvvəl Fransa müdafiə naziri Fələstin-İsrail münaqişəsini və xüsusən də girovların azad edilməsi məsələsini müzakirə etmək üçün Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İsraildə olub. Qeyd olunur ki, Lekornu Qətərə ikinci səfəri çərçivəsində bu ölkənin baş naziri ilə görüşəcək, həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək. Bundan sonra nazir yenidən Misirə gedəcək.