Ukraynanın şərq və cənubunda döyüşlər davam edir, amma yağışlı hava əməliyyatların sürətini ləngidir. Bunun qış özünü göstərməyə başlayanadək davam edəcəyi gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ukrayna ordusu Avdiv şəhərini Rusiyanın intensiv hücumlarından müdafiə etməkdə davam edir, eyni zamanda, cənub cəbhəsində təşəbbüsü özündə saxlayır. ISW bildirir ki, Rusiyanın qələbələrindən danışmaq tezdir.
Eyni zamanda, ABŞ institutu qeyd edir ki, pis hava şəraiti Zaporoje vilayətinin qərb hissəsində zirehli texnikanın istifadəsinə mane olsa da, Ukrayna piyada birləşmələri ilə Rusiyanın mövqelərinə hücum edir.
Böyük Britaniya kəşfiyyatı da bildirir ki, tərəflərdən heç biri Kupyan, Avdiivsk istiqamətlərində və ən qızğın döyüşlərin getdiyi Xerson vilayətinin sol sahilində ciddi irəliləyiş əldə etməyib. Qarşıdan soyuq qış havası gəldiyi üçün cəbhə xəttində ciddi dəyişikliklərin yaxın perspektivləri getdikcə azalır.
“Qışda hər yerin don olması, çox güman ki, daha aktiv döyüş əməliyyatlarının bərpasına təkan verəcək”, - ISW əlavə edir.