Gələn il ABŞ-da keçiriləcək seçkilərdən sonra Donald Tramp yenidən hakimiyyətə gəlsə, Ukraynada müharibəni davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov deyib.
“İnanmıram ki, Tramp hakimiyyətə gəlsə, Ukraynada münaqişə bitəcək. Çünki Tramp müəyyən qədər realistdir. Əgər Tramp Rusiyanı düşmən və rəqib hesab edirsə, niyə münaqişəni dayandırmalıdır?! İstənilən formada davam edəcək”, - sabiq baş nazir bildirib.
Azarovun sözlərinə görə, ABŞ hazırkı Ukrayna hökuməti aradan qaldırılana qədər bu məsələdən əl çəkməyəcək.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən seçiləcəyi təqdirdə 24 saat ərzində sülhü bərpa edəcəyinə söz verib. O, Ukraynaya hərbi yardıma qarşı olan Respublikaçılar Partiyasının namizədidir. Bu baxımdan, seçiləcəyi təqdirdə Trampın Ukraynaya yardımı azaldacağı və ya dayandıracağı ehtimal olunur.