20 Noyabr 2023 14:28
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin sözçüsü Dmirti Peskov son açıqlamalarından birində deyib ki, Rusiya xarici siyasətdə Şərq istiqamətinə xüsusi önəm verməyə başlayıb. Kremlin başqa alternativi qalmayıb. Ukrayna müharibəsinə görə Avropa ölkələri Rusiyadan üz döndəriblər. Ona görə də, Moskva bu durumda başqa alternativlər və bazarlar axtarmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri hesab edirlər ki, Peskov “Şərq istiqaməti” dedikdə ilk növbədə Rusiyanın Çinlə strateji əlaqələrini nəzərdə tutur:

“Rusiya Prezidenti Vladimir Putin oktyabrın 17-də Pekində “Bir Kəmər, Bir Yol” Forumuna qatılmışdı. Putin Ukraynaya qarşı müharibəyə başladıqdan sonra xarici ölkələrə getmir. Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfər dəvətindən son anda imtina etmişdi. Putin o ölkələrə səfər edir ki, Rusiyanın həmin ölkələrlə strateji əlaqələri üst səviyyədədir və özünün təhlükəsizliyi yüksək səviyyədə qorunacağı vəd olunur. Buna görə də Rusiya lideri son iki ildə bir neçə ölkəyə, o cümlədən Belarus, Qazaxıstan və Çinə səfər edib. Putin Pekindəki forumda iştirak etməklə yanaşı, Çin lideri Si Cinpinlə üz-üzə qapalı şəraitdə bir neçə saat ərzində fikir mübadiləsi aparıb. Müxtəlif ölkələrin ekspertləri iki liderin qapalı şəraitdə nələri müzakirə edə biləcəyini müəyyənləşdirməyə çalışıblar.

Əlbəttə, birinci mövzu Rusiya və Çinin ümumi rəqibi – ABŞ-la mübarizə barədə olub. Moskva və Pekin birgə səylərlə beynəlxalq aləmdə ABŞ-ın hegemonluğuna son qoymağa çalışırlar. Bu məqsədlə Pekin və Moskva BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) və Şanxay Əməkdaşlıq Təşkilatını gücləndirməyə və təşkilatlara üzvlərin sayını artırmağa qərar veriblər. Ancaq bu təşkilatlardakı üzvlərin heç də hamısı Moskva və Pekinin istəyi ilə Qərblə düşmən olmaq istəmir. Məsələn, Hindistan və Qazaxıstan ABŞ və Avropa İttifaqının müxtəlif ölkələri ilə ortaq layihələr reallaşdırmağa çalışır.

İkinci mövzu Rusiya və Çinin iqtisadi inteqrasiyasını gücləndirməkdir. Ancaq bu inteqrasiya Rusiyanın Çin bazarından asılılğına gətirib çıxarıb. Rusiya Avropaya saata bilmədiyi məhsulların hamısını Çinə yönəldib. Rusiya Çinə neft, qaz, taxta və əlvan metallar satır, əvəzində hazır məhsullar alır. Çinin isə Rusiyanın hazır məhsullarına ehtiyacı yoxdur. Çünki Rusiya iqtisadiyyatı enerji resurslarının istismarı üzərində formalaşıb. Çinin alıcılıq gücünün zəifləyəcəyi halda bunun Rusiya iqtisadiyyatına da mənfi təsiri artacaq”.

Təhlildə vurğulanır ki, liderlərin üçüncü mövzusu Çinlə Rusiya arasında hərbi əməkdaşlığın gücləndirilməsi olub:

“İki ölkə il ərzində quruda və dənizdə müxtəlif birgə hərbi təlimlər keçirib. Pekin və Moskva bu təlimlərin üçüncü ölkələrə qarşı yönəlmədiyini söyləsələr də, Çinin qonşuları təlimlərin intensivliyindən narahatdır. Rusiya ilə Çin arasında birgə hərbi təlimlərin sayı artdıqca ABŞ, Hindistan, Avstraliya və Yaponiya kimi ölkələr də öz aralarında birgə hərbi təlimlərin sayını artırırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər