Almaniyada dövlət çevrilişi planlaşdırdığı iddia edilən “İmperiya Vətəndaşları” (Reyxsbürger) Hərəkatının üzvlərinə qarşı aparılan istintaq çərçivəsində 280 yerə basqın edildiyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Münxen Prokurorluğu və polisi məlumat yayıb.
Səkkiz əyalətdə eyni vaxtda keçirilən reydlərdə axtarışlar zamanı bu təşkilatla əlaqəli şəxslərə qarşı dəlillər toplanıb.
Reydlərdə Bavariya, Baden-Vürtemberq, Hessen, Şimali Reyn-Vestfaliya, Şlezviq-Xolşteyn, Brandenburq, Hamburq və Aşağı Saksoniyada 280 məkanda axtarış aparılıb.
Dövlət çevrilişinə cəhddə ittiham olunaraq istintaqa cəlb olunan müttəhimlər cinayətkar təşkilat yaratmaqda şübhəli bilinirlər.
2022-ci ilin dekabrında keçirilən əməliyyat zamanı ələ keçirilən və hələ də həbsdə olan şübhəlilərin “terror təşkilatına üzv olmaq” və “terror təşkilatına dəstək vermək” ittihamları ilə mühakimə olunacağı gözlənilir.
Kəşfiyyat hesabatına görə, özünü “Almaniya İmperiyasının vətəndaşı” hesab edənlərin sayı 23 min civarındadır. Mübarizəsində zorakılıq və şiddətə üstünlük verən hərəkat Almaniyanı legitim dövlət kimi tanımır.
Təşkilat üzvlərinin bəziləri Almaniya İmperiyası ideyasının, bəziləri də nasizmin tərəfdarıdır. Bəzi üzvlər isə hesab edir ki, Almaniya hələ də hərbi işğal altındadır.