Noyabrın 24-də Misir prezidenti Əbdülfəttah əs-Sisi beynəlxalq ictimaiyyəti Fələstin dövlətini tanımağa və BMT-yə üzv qəbul etməyə səsləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Misirin “əl-Əhram” qəzeti yazıb.
"Fələstin dövlətinin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını və BMT-yə daxil olmasını əhatə edən başqa bir yanaşma tələb olunur" – deyə, əs-Sisi İspaniya və Belçika Baş nazirləri Pedro Sançez və Aleksandr De Kroo ilə Qahirədə keçirdiyi mətbuat konfransında bildirib.
O, Fələstin dövlətinin paytaxtı Qüds olmaqla, İsrail ilə birgəyaşayışı Fələstin məsələsinin yeganə mümkün həlli adlandırıb. Əs-Sisi, həm Fələstin, həm də İsrail dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi üçün, NATO, BMT, ABŞ və ya Ərəb dövlətləri kimi beynəlxalq qüvvələrin iştirakı ilə silahsızlaşdırılmış Fələstin dövlətini tanımağa hazır olduğunu vurğulayıb.