"Tehran Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, rəsmiləri və diplomatları ölkəmizlə bağlı açıqlamalarına diqqət etməlidirlər".
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert İran - Azərbaycan münasibətlərindəki son duruma diqqət çəkib:
"İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Tehranda ölkəsinin Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Ermənistandakı səfiri Mehdi Sübhani ilə üçlükdə görüşməsinin səbəbi olmalıdır. Yayılan xəbərlərdə görüşdə Cənubi Qafqazdakı vəziyyətin müzakirə olunduğu, İranın qonşuluq siyasəti çərçivəsində Azərbaycan və Ermənistanla əlaqələrin inkişafına səy göstərdiyi qeyd edilsə də, xarici işlər nazirinin səfirlərə hansı təlimatlar verdiyi maraq doğurur. Məsələn, İran xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşlərdə və telefon danışıqlarında ölkəsinin Azərbaycanla münasibətlərini inkişaf etdirmək istədiyini bildirərəkən, Abdullahiyanın Ermənistana təyin etdiyi səfiri son açıqlamalarında faktiki Azərbaycanı Qarabağda “etnik təmizləmə"də ittiham edib. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı sərt bəyanatından sonra Musəvi Ermənistandakı həmkarının açıqlamasına düzəliş etmək məcburiyyətindən qalıb.
Tehran Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, rəsmiləri və diplomatları ölkəmizlə bağlı açıqlamalarına diqqət etməlidirlər".