İspaniyada radikal sağçı “Vox” Partiyasının lideri Santyaqo Abaskalın Baş nazir Pedro Sançesi ayağından asmaqla hədələməsi ölkədə mübahisə yaradıb.
Teleqraf.com xəbər verir ki, separatçı katalonların əfv təşəbbüsünə toxunan müxalifət lideri baş naziri qanunları pozmaqda və milli birliyi riskə atmaqda ittiham edib.
İspan xalqının Sançesi ayağından asmaq istəyəcəyi bir zamanın gələcəyini iddia edən Abaskalın açıqlaması həm Sançesin rəhbərlik etdiyi Sosialist Fəhlə Partiyası (PSOE), həm də ana müxalifət partiyası “Xalq” (PP) tərəfindən sərt şəkildə tənqid olunub.
Parlamentdəki PSOE fraksiyasının sözçüsü Patxi Lopez Abaskalın baş naziri hədəfə alan təhdidlər səsləndirdiyini, bunun bütün sərhədləri aşan totalitar bir şəxsin portretinin göstəricisi olduğunu söyləyib.
Baş nazirin müavini Mariya Xesus Montero da müxalifət liderinin nifrət aşılayan çox ciddi ifadələr işlətdiyini, bunun qəbuledilməz və dözülməz olduğunu bildirib və bütün siyasi partiyalardan qınaq istəyib.
PP Alberto Nunez Feyxo Abaskalın sözlərini sadəcə “kədərli” adlandıraraq, hökuməti tənqid edib. O, PSOE hökumətinin separatçı katalonlara əfv təşəbbüsü ilə İspaniyanı parçalamağa çalışdığını deyərək, “Vox” liderinin bu sözlərinin Sançesin ispan xalqı arasında divar qurmaq siyasəti ilə üst-üstə düşdüyünü iddia edib.
Sabah İspaniya parlamentində müzakirəyə çıxarılacaq əfv layihəsi 400-ə yaxın separatçı katalon siyasətçiyə şamil olunub.