Dekabrın 13-də ABŞ Nümayəndələr Palatası Prezident Co Baydenin impiçmenti ilə bağlı təhqiqatın rəsmiləşdirilməsinə səs verə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” Amerika liderinin adının açıqlanmasını istəməyən köməkçisinə istinadla məlumat verib.
Agentliyin mənbəsi deyir ki, səsvermə ilə bağlı rəsmi plan dəyişməz qalır. Respublikaçı senator Kelli Armstronq bundan əvvəl Nümayəndələr Palatasına səsverməyə icazə verən 14 səhifəlik qətnamə layihəsi təqdim edib.
“Röyter” bildirir ki, respublikaçılar Baydenin vitse-prezident kimi fəaliyyətini oğlunun biznesi ilə əlaqələndirmək üçün hələ də sübut təqdim edə bilməyiblər.
Baydenin təmsil olunduğu Demokratlar Partiyasının cüzi səs çoxluğuna malik olduğu Senatın Nümayəndələr Palatası impiçment tələbini qəbul edəcəyi təqdirdə, prezidentin vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılmasına səs verəcəyi inandırıcı görünmür.
Baydenin fəaliyyətini araşdıran üç komitədən birinin üzvü olan respublikaçı Bayron Donalds söyləyir ki, istintaqın iki ay ərzində tamamlanacağını və Nümayəndələr Palatasının yazda impiçment maddələri hazırlayacağını gözləyir.
Respublikaçılar prezidenti ittiham edirlər ki, onun ailəsi Barak Obama dövründə vitse-prezident olan Baydenin bu vəzifəsindən qanunsuz olaraq faydalanıb. Bundan əlavə, onlar ABŞ-ın Ədliyyə Departamentini Baydenin oğlu ilə bağlı aparılan istintaqa qanunsuz müdaxilədə ittiham edirlər.