Şotlandiya Baş naziri Həmzə Yusif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünə görə onu təhdid edən Britaniya xarici işlər naziri Devid Kemerona cavab verib.
Teleqraf.com xəbər verir ki, Şotlandiya lideri Kemeronun ritorikasını “kobud və yanlış” adlandırıb.
“Əvvəlki görüşlərdə müzakirə etdiklərimizdən başqa yeni heç nə danışmamışıq”, - Yusif Ərdoğanla görüşünə dair deyib.
Şotlandiya baş naziri “protokol pozuntusu” iddiasına cavab olaraq, Ərdoğanla görüş vaxtının Türkiyə nümayəndə heyəti tərəfindən son anda yeniləndiyini söyləyib. Üstəgəl, Həmzə Yusif İngiltərə rəsmilərinin görüşə qatılmasının onun üçün problem olmayacağını dediyini də xatırladıb.
“Növbəti dəfə belə bir problemi olsa, ona zəng etməyi təklif edirəm. Əminəm ki, problemi həll edərik”, - baş nazir deyib.
Kemeron bundan əvvəl Yusifin İngiltərə rəsmilərinin iştirakı olmadan Ərdoğanla görüşünü tənqid edərək, Britaniyanın üzvü olan Şotlandiyanı Xarici İşlər Nazirliyinin dəstəyini kəsməklə hədələyib. Eyni zamanda, Britaniyanın baş diplomatı Şotlandiya hökumətinə şikayət məktubu yazaraq, Həmzə Yusifin Qəzza və digər məsələlərlə bağlı Ərdoğanla görüşünü “protokol pozuntusu” adlandırıb.
Türkiyə və Şotlandiya liderləri arasında görüş ötən həftə Dubayda (BƏƏ) keçirilən BMT-nin Ümumdünya İqlim Fəaliyyəti Sammiti çərçivəsində baş tutub.