12 Dekabr 2023 23:18
9 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baltikyanı və Skandinaviya ölkələrinin olimpiya komitələri videokonfransda 2024-cü ildə Fransada keçiriləcək Yay Olimpiya Oyunlarının boykot edilməsi imkanlarını müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Estoniya Olimpiya Komitəsinin baş katibi Sim Sukles məlumat verib.

Sukles bildirib ki, bu məsələ ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib, çox şey Ukraynanın mövqeyindən asılı olacaq. Öz növbəsində, Ukrayna Rusiya idmançılarının olimpiya oyunlarında məhdud iştirakı ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin qərarını çox pis hesab etdiyini açıqlayıb. Amma boykotla bağlı qərar hələ verilməyib.

Suklesin sözlərinə görə, Estoniya boykot məsələsinə baxacaq, bunun ciddi təsirinin olacağı məlum olsa, qərar verilə bilər.

Beynəlxalq Olimpiya Komitəsinin bundan əvvəl qəbul etdiyi qərara əsasən, Rusiya və Belarus idmançıları milli rəmzlərdən (bayraq, gerb və himn) istifadə hüququ olmadan fərdi idman növləri üzrə olimpiadaya neytral idmançı kimi buraxılacaqlar. Eyni zamanda, Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən idmançılar oyunlara buraxılmayacaq. Eyni şərt məşqçilərə və digər köməkçi heyətə də şamil ediləcək. Yarışlara buraxılanların Rusiya ordusu və ya təhlükəsizlik orqanları ilə əlaqələri olmamalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər