Yanvarın 21-də ABŞ Prezidenti Barak Obama Konqres qarşısında çıxış edib. Teleqraf.com-un məlumatına görə, çıxışında B.Obama bildirib ki, artıq ABŞ yeni mərhələyə qədəm qoyur, ölkə artıq xarici neftdən asılı deyil və alternativ enerji sahəsində dünya liderinə çevrilib.
Prezidentliyi dövründə həyata keçirdiyi islahatlardan danışan Obama son 5 ildə 11 milyon iş yerinin açıldığını deyib. O, Əfqanıstanda hərbi əməliyyatların sona çatdığını, Amerika hərbçilərinin evlərinə qayıtdığını bildirib. ABŞ-ın liderliyinə inandığını deyən Obama buna hərbi güc və diplomatiyanı birləşdirməklə nail olduqlarını qeyd edib.
İŞİD terror qruplaşması ilə mübarizəyə toxunan Prezident tərəfdaş ölkələrlə birlikdə quru qoşunlarından istifadə etmədən terrorçuların irəliləməsinin qarşısının alındığını söyləyib. O, terror və ekstremizmlə mübarizənin vaxt aparacağını, lakin ABŞ-ın bu istiqamətdə uğura nail olacağına əmin olduğunu deyib. Kuba ilə diplomatik əlaqələrin bərpasından danışan ABŞ Prezidenti Konqresi bu ölkəyə qarşı tətbiq edilmiş embarqoları aradan qaldırmağa çağırıb.
O həmçinin İranın nüvə proqramı ilə bağlı danışıqlar, Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan danışıb. Dünyada iqlim dəyişikliyini də qeyd edən B.Obama bunun ABŞ-ın milli təhlükəsizliyinə təhdid olduğunu və Amerikanın bu çağırışa cavab verməli olduğunu söyləyib.