ABŞ prezidenti Barak Obama yenidən Moskvanı Ukraynanı işğal etməkdə günahlandırıb. O, bir daha Rusiyanı ittiham edərək, bu ölkənin beynəlxalq arenada təcrid olunduğunu və iqtisadiyyatının parça-parça olduğunu vurğulayıb.
“Ötən il biz müttəfiqlərimizlə birlikdə sanksiyaların tətbiq edilməsi üzərində çalışarkən bəziləri cənab Putinin təcavüzkarlığını bacarıqlı güc və strategiyanın bir nümunəsi olduğunu güman edirdilər. Bu gün isə Amerika güclü və müttəfiqləri ilə əlbir olduğu halda, Rusiya təcrid, iqtisadiyyatı isə parça-parça olub”, deyən Obama bununla bağlı proqnoz verənlərin yanıldığını söyləyib.
Teleqraf.com “RİA Novosti”-yə istinadən məlumatına görə, ABŞ lideri Ukraynanın müstəqilliyini və əraz bütövlüyünü dəstəklədiyini xüsusi olaraq, qeyd edib:
“Biz Amerikanın gücünü və diplomatiyasının təsirini nümayiş etdiririk. Böyük dövlətlər kiçik ölkələrə hücum edə bilməz. Biz bu prinsipi dəstəkləyirik. Biz Rusiya təcavüzkarlığına qarşı Ukrayna demokratiyasını dəstəkləyirik və NATO-dakı müttəfiqlərimizə zəmanət veririk”.