Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 2024-cü ilin əvvəlində görüşməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Putin onlayn mətbuat konfransında deyib.
Rusiya lideri həmkarı ilə görüşmək üçün bundan əvvəl Türkiyəyə səfər etməyi planlaşdırdığını, amma bunun Prezident Ərdoğanın qrafikinə uyğun gəlmədiyini bildirib:
“Yəqin ki, gələn ilin əvvəlində bu səfəri həyata keçirməyə razıyıq.
Prezident Ərdoğanla artıq bu məsələlərlə bağlı daimi təmasdayıq. Çox oxşar mövqelərimiz var. Düşünürəm ki, onunla görüşə biləcəyik. Bunu (səfəri) planlaşdırıram”.
Putin türk həmkarının Qəzza ilə bağlı fəaliyyətinə də diqqət çəkib:
“Türkiyə Prezidenti Ərdoğanın Qəzzada normal vəziyyətin bərpası məsələsində mühüm, aparıcı rolunu qeyd etmək istərdim. O, əlbəttə, bu faciəyə diqqət yetirən beynəlxalq ictimaiyyətin liderlərindən biridir və vəziyyəti yaxşılığa doğru dəyişmək, uzunmüddətli sülh üçün şərait yaratmaq üçün hər şeyi edir”.
Putin qeyd edib ki, Ərdoğan bu istiqamətdə çox fəaldır. Rusiya prezidenti türk həmkarı ilə bağlı “Tanrı onu qorusun” da deyib.