Rusiya Prezidenti Vladimir Putin ordusuna ilin sonunadək Avdiv şəhərini tutmağı əmr edib. Kreml cəbhədə Yeni ilə qələbəylə başlamaq istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın "Kremlevskaya tabakerka" Teleqram kanalı məlumat yayıb.
"Missiya təkcə Avdivi yanvarın 1-nə qədər almaq deyil, onu mümkün qədər tez götürməkdir. Vladimir Vladimiroviç Yeni il müraciətində bu qələbəni qeyd etmək istəyir", - məlumatda deyilir.
İddiaya görə, Moskvanın bu əmri hamını qane etmir, çünki Rusiya ordusu Ukrayna ilə döyüşlərdə böyük itkilər verir - gündə təxminən 600 nəfərə qədər.
“Avdiv yaxınlığında hər gün 200-600 əsgərimiz ölürsə, əl-ayağını itirirsə, hücumları gücləndirsək nə olacağını təsəvvür edə bilərsinizmi? Yeni səfərbər olanlar pis döyüşürlər. Onlar sadəcə salamat qalmağa çalışırlar. Bəziləri hətta bunun üçün ayaqlarına atəş açırlar”, - rus zabitlərindən biri kanala deyib.
Məlumatda qeyd olunur ki, ruslar Avdivi Yeni ilə qədər götürməyin mümkün olduğuna inansalar da, buna şübhə edənlər də az deyil.
Ukrayna mənbələri iddia edirlər ki, bundan əvvəl Putin Avdivi dekabrın 1-dək ələ keçirməyi qarşısına məqsəd qoymuşdu.