Ukrayna indidən hazırlaşmağa başlasa, gələn il böyük əks-hücum üçün yeni cəhd edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Mixail Pritula deyib.
“Yəqin ki, 2024-cü il üçün əks hücuma daha yaxşı hazırlaşa, kəmiyyəti keyfiyyətə çevirə biləcəyik. O vaxta qədər Ukrayna müttəfiqlərimizin vəd etdikləri bütün silah və texnikaları almış olacaq. Həmçinin çoxlu sayda hərbçimiz hazırda təlim keçir və xarici texnikaları intensiv şəkildə öyrənir”, - ekspert bildirib.
Pritula qeyd edib ki, Rusiyanın cəbhədəki hazırkı fəaliyyəti Ukrayna ordusunun gələcək uğurlarına töhfə verməlidir:
“Ruslar texnika və şəxsi heyəti itirməkdə davam edəcəklər. Qarşıdakı 6 ayda Rusiyanın texnika və canlı qüvvə itkisi artacaq. Müvafiq olaraq, problemləri də çoxalacaq. Bu səbəblərdən Rusiya zəifləyir, hücum əməliyyatları üçün resurslarımızı gücləndirməyə vaxtımız var. İndi proqnozlaşdırmaq çətindir, amma 2024-cü ildə uğurlu əks-hücum üçün hazırlaşmaq üçün xeyli vaxtımız var”.