Rusiya ciddi hərbi səylərə baxmayaraq, Ukraynada öz hərbi məqsədlərinə nail ola bilmir.
Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin əmri ilə başlayan işğalda məqsəd Ukraynanın NATO və Avropa İttifaqına inteqrasiyasının qarşısını almaq olub. O hesab edir ki, iki illik müharibədən sonra Ukrayna indi NATO və Aİ-yə həmişəkindən daha yaxındır.
Stoltenberq onu da qeyd edib ki, Rusiya müharibəyə görə son dərəcə ağır bədəl ödəyir:
“Ölkə artıq yüzlərlə təyyarəsini, minlərlə tankını itirib, 300 mindən çox əsgər ölüb və ya yaralanıb. Bundan əlavə, müharibə nəticəsində inflyasiya artıb, həyat səviyyəsi aşağı düşüb. Əvvəlkindən daha çox təcrid olunub.
NATO baş katibi hadisələrin inkişafını nəzərə alaraq müharibənin qısa vaxtda bitəcəyinə və martın 17-də keçiriləcək seçkidən sonra Putinin kursunu dəyişəcəyinə dair gözləntiyə də toxunub:
“Bizdə Putinin öz məqsədlərini və siyasətini dəyişəcəyinə dair heç bir əlamət yoxdur. Daha çox ərazi işğal etməyə cəhd göstərməyə davam edəcək”.
Onun fikrincə, bu o deməkdir ki, NATO və ona üzv olan 31 ölkə Ukraynanı qətiyyətlə dəstəkləməkdə davam etməlidir.