ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Hind okeanında üzən kimyəvi maddə yüklü tankerin İrandan atılan PUA tərəfindən vurulduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Pentaqon Hollandiya tərəfindən idarə olunan “Chem Pluto” gəmisinin Hind okeanında sahildən 370 kilometr aralıda vurulduğunu bildirib.
Açıqlamada hücumun İrandan atılan kamikadze PUA ilə edildiyi, hadisədə can itkisinin olmadığı və tankerdəki yanğının söndürüldüyü vurğulanıb.
Hücum zamanı yaxınlıqda ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmi olmadığı, Hindistandakı təyinat yerinə doğru üzən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) gəmisi ilə əlaqə saxlanıldığı deyilib.
Açıqlamada qeyd olunub ki, bu, İranın 2021-ci ildən bəri ticarət gəmilərinə yeddinci hücumudur.
İran hücumla bağlı açıqlama verməzkən, dəniz təhlükəsizliyi şirkəti “Ambrey” sözügedən tankerin Səudiyyə Ərəbistanından Hindistana üzdüyünü və İsraillə əlaqəli olduğunu açıqlayıb.