Venesuela müdafiə naziri Vladimir Padrino Lopez qonşu Qayanaya hərbi gəmi göndərəcəyini açıqladıqdan sonra Böyük Britaniyanı “təxribat”da ittiham edib.
Teleqraf.com xəbər verir ki, o, ölkəsinin bütün gəlişmələrə hazır olduğunu söyləyib.
“Karib dənizi və Cənubi Amerika regionunun sülh və sabitliyinə təhlükə yaradan bu təxribata qarşı hazırıq. Mehriban qonşuluq və dinc şəraitdə yaşamaq öhdəliyinə nə oldu? Heç bir halda qarşılıqlı güc tətbiq və təhdid etməmək barədə razılaşmaya nə oldu?”, - Lopez deyib.
Müdafiə naziri Britaniyanın döyüş gəmisi göndərəcəyi Essekibo bölgəsini “Venesuelanın ayrılmaz hissəsi” kimi gördüklərini və yarana biləcək duruma qarşı bütün tədbirləri görəcəklərini bildirib.
Britaniya hərbi və diplomatik dəstək üçün keçmiş müstəmləkəsi Qayanaya hərbi gəmi göndərməyə hazırlaşır. Gəminin Venesuela ilə Qayana arasındakı mübahisəli Essekibo bölgəsində yerləşdiriləcəyi deyilir.
Venesuelada keçirilən referendumdan sonra hərəkətə keçən və Essekibonun bu ölkəyə aid olduğunu iddia edən Venesuela rəhbərliyi Qayananın təxminən 3/4-nə uyğun gələn regionu işğal etməklə hədələyib.
Venesuela və Qayana arasında Essekibo mübahisəsi Qayana müstəqillik əldə etməzdən əvvəlki dövrə gedib çıxır. Qayana Britaniyanın müstəmləkəsi olanda, 1899-cu il sərhəd arbitraj qərarına əsasən, Essekibo çayı ölkənin qərb sərhəddi kimi müəyyən olunub. Amma 1966-cı ildə müstəqilliyini qazanan və 1970-ci ildə BMT-yə daxil olan Qayana bu sərhədi tanımayıb və Essekibonu öz ərazisi elan edib.
Bölgə təbii sərvətlərlə, xüsusən də neft-qazla son dərəcə zəngindir.