Yaponiya İctimai Təhlükəsizlik Kəşfiyyat İdarəsinin (PSIA) İctimaiyyətlə Əlaqələr Xidməti PKK terror təşkilatının “Beynəlxalq Terrorizmlə Mübarizə 2023” hesabatına daxil edilməməsi ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, qurum PKK-nın hesabata daxil edilməməsinin səhv olduğunu və bu yanlışın düzəldildiyini bildirib.
Qurumdan deyilib ki, PKK-nın terror təşkilatları siyahısında yer almaması Türkiyə ilə anlaşılmazlığa səbəb olub.
“Anlaşılmazlığa səbəb olan hissələr təsbit edildi və bu səhvi düzəltdik”, - məlumatda vurğulanır.
Qurum Yaponiyanın PKK-nı terror təşkilatı kimi tanımaq siyasətində heç bir dəyişiklik olmadığını da qeyd edib:
“Yaponiyanın bu məsələ ilə bağlı siyasəti eyni şəkildə davam edir və bu məsələdə zərrə qədər də olsa, dəyişiklik olmayıb. PKK-nı və onun hərəkətlərini qınayırıq, indiyə qədər qınadıq və bundan sonra da qınayacağıq”.
PSIA təşkilatı tərəfindən yenilənən “Beynəlxalq Terrorizmlə Mübarizə 2023” hesabatında PKK əsas beynəlxalq terror təşkilatları siyahısında və ümumi trendlər qrafikində yer almamışdı. Təşkilatın qərarı Türkiyə tərəfindən etirazla qarşılanmışdı. Mübahisənin böyüməsindən sonra Yaponiyanın Türkiyədəki səfirliyi dekabrın 6-da PKK-nın PSIA-nın terror təşkilatları siyahısına daxil edildiyini açıqlamışdı.