İsrail müdafiə naziri Yoav Qallant İranla gərginliyin güclənəcəyi şəraitində Yaxın Şərqdə regional münaqişə riskinin artacağı xəbərdarlığını edib.
Teleqraf.com xəbər verir ki, o, İsrailin Qəzza, İordan çayının qərb sahili, Livan, Suriya, İraq, Yəmən və İrandan hücuma məruz qaldığını deyib.
“Onlardan altısına artıq cavab vermişik, fəaliyyətimiz davam edir, açıq şəkildə bildirirəm ki, bizə qarşı hərəkət edən hər kəs potensial hədəfdir”, - Qallant vurğulayıb.
İsrail müdafiə nazirinin açıqlaması ABŞ-nin İraqda İran tərəfindən dəstəklənən “Kətaib Hizbullah” terror təşkilatı ilə əlaqəli hədəfləri vurmasından sonra gəlib. ABŞ müdafiə naziri Lloyd Ostin Amerikanı, onun ordusu və maraqlarını qorumaq üçün lazımi addımları atmaqdan çəkinməyəcəklərini bildirib. İraqda hazırda 2500 ABŞ əsgəri var.
“Regionda münaqişəni genişləndirməyə çalışmasaq da, ölkəmizi qorumaq üçün bundan sonra da lazımi tədbirlər görməyə qərarlıyıq və buna tam hazırıq”, - Ostin əlavə edib.
Husilər Qəzza zolağında döyüşlər başlayandan bəri İsrailə ballistik raketlər və pilotsuz uçuş aparatları atıblar, bəziləri İsrailin regional müttəfiqləri və ABŞ ordusu tərəfindən ələ keçirilib.
İran dəstəkli “Ənsarallah” qruplaşması da (Yəmən) son həftələrdə Qırmızı dənizdən keçən gəmilərə hücumlarını artırıb. ABŞ ötən həftə Yəmən sahillərində, Qırmızı dənizin kritik keçidlərində gəmiləri qorumaq üçün beynəlxalq koalisiya qurulduğunu açıqlayıb.
ABŞ mediası Qəzzada savaşın uzanmasının regional toqquşma riskini artırdığını yazır. İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzzada sülh üçün ilkin şərt HƏMAS-ın məhv edilməsi, bölgənin demilitarizasiyası və Fələstin cəmiyyətinin de-radikalizasiyasıdır.
“Yaxın gələcək üçün İsrail Qəzza zolağının təhlükəsizliyi üçün əsas məsuliyyəti öz üzərinə götürməlidir”, - İsrail rəhbəri deyib.
Yoav Qallant da bölgədə uzun müharibə mesajını verib: “Bu, uzun və çətin müharibə olacaq, amma aparmağa dəyər. Açıq şəkildə bildiririk ki, belə hərəkətlər (HƏMAS-ın İsrailə hücumu kimi) edən hər kəs cəzasını alacaq. İstər aylar, istərsə də illər aparsın, bu iş başa çatmalıdır”.