Qərbdən Ukraynaya gizli şəkildə F-16 döyüş təyyarələri verilib.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Rusiyanın Ukraynada hərbi təşəbbüsü ələ alması Qərbi hərəkətə gətirib. Ukrayna son günlərdə Rusiyaya məxsus beş qırıcını məhv edib və “Moskva” kreyserindən sonra böyük desant gəmisini vurub. Görünür, Qərbdən Ukraynaya lazım olan silahlar ötürülür. Hətta F-16-ların Kiyevə göndərilməsi və bu təyyarələr vasitəsilə bir neçə uğurlu əməliyyatın keçirilməsi barədə məlumat var. Müharibə başlayanda Ukrayna ordusunun “Su 35” kimi qırıcıları vuracaq sistemləri yox idi. Artıq olduğunu deyə bilərik.
İddiaya görə, Avropa Birliyi ABŞ-nin razılığı ilə Ukraynaya F-16 ötürüb. Hətta ötən günlərdə Rusiya Ukraynada F-16-nın vurulması barədə məlumat yaymışdı.
Rusiyada keçiriləcək seçkilərdən əvvəl Qərbin Ukraynaya ağır və dəqiq silahlar verəcəyi mümkündür. Putinin seçkiöncəsi əks-hücumlarının qarşısını almaq və onun qalib obrazını məhv etmək Qərbə hava-su kimi lazımdır”, - ekspert bildirib.