İranın İraqdakı qruplaşmaları ABŞ-nin bölgədəki bazalarına raket zərbələri endirməyə davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Heber 7” saytı yazır.
Mənbə xatırladır ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli hərbçisi, briqada generalı Seyid Razi Musəvi Suriyanın paytaxtı Dəməşqdəki evinə İsrailin hava hücumu nəticəsində ölüb.
Sayt bunun İranın son illərdəki ən böyük itkilərindən biri olduğunu qeyd edir:
“Musəvi 2020-ci ilin yanvarında İraqın paytaxtı Bağdadda ABŞ PUA-ları tərəfindən öldürülən general-leytenant Qasım Süleymaninin yaxın dostlarından idi. Musəvi ölümündən sonra qismən Süleymaninin missiyasını davam etdirib. Musəvinin xüsusilə Suriyada geniş məsuliyyət və səlahiyyət sahəsinə malik olduğu bildirilir.
Öldürülən general İranın Suriyada şiə yaraqlıların işə götürülməsinə, yerləşdirilməsinə və İŞİD-ə qarşı aparılan əməliyyatlara cavabdeh olub.
Musəvi İraq-İran müharibəsində də fəal iştirak edib.
İran mediası Musəvinin əvvəllər də İsrail tərəfindən hədəf alındığını, amma bu sui-qəsd cəhdlərinin uğursuz olduğunu yazır. Musəvinin qətli üçüncü ölkənin ərazisində baş verdiyi üçün beynəlxalq reaksiyaya səbəb olub”.
Sayt qeyd edir ki, Musəvinin qətlinə ən sərt reaksiya İran Prezidenti İbrahim Rəisidən gəlib. İran başçısı İsraili hədələyib.
Fələstinin iki qruplaşması da məsələ ilə əlaqədar açıqlama verib. HƏMAS və “İslami Cihad” baş verənlərin kritik gəlişmələrə yol açacağını bildirib.
“Haber 7” bu bəyanatları Tehranın Fələstin qruplaşmalarına təsirinin artdığına işarə kimi şərh edib:
“İranın İraqdakı qruplaşmaları ABŞ-nin bölgədəki bazalarına raket zərbələri endirməyə davam edir. Bəzi ekspertlər bunun təbliğat məqsədi daşıdığını və İranın imicini qorumaq üçün edildiyini deyirlər.
İraq Kürd Regional Muxtariyyəti ABŞ-nin rəhbərlik etdiyi anti-İŞİD koalisiyasının Ərbil hava limanı yaxınlığındakı bazasına PUA ilə hücum edildiyini açıqlayıb. Hücum nəticəsində 3 ABŞ əsgəri yaralanıb. İraq mediasında hücumun arxasında İranın dəstəklədiyi qüvvələrin dayandığı bildirilib.
ABŞ son gəlişmələrdən sonra cavab vermək qərarına gəlib. Nəticədə İraqdakı hərbi bazaya hücum edən “Kətaib Hizbullah”ın obyektləri hədəfə alınıb.
Babildə keçirilən hava hücumu nəticəsində isə 1 “Həşdi Şabi” üzvünün öldüyü, 20-nin yaralandığı bildirilib”.
Saytın iddiasına görə, İsrailin sərhədi aşaraq həyata keçirdiyi hücumdan sonra İran cavab verməyə hazırlaşır:
“Tehran müttəfiqləri husilər (Yəmənin “Ənsarallah” qruplaşması) vasitəsilə Qırmızı dənizdə İsrailə üzən ticarət gəmilərinin qarşısını alır. İranın Qırmızı dənizə təzyiqi daha da artıraraq İsrailə dolayı yolla cavab verəcəyi iddia olunur.
Bölgəni izləyən strateqlər söyləyirlər ki, İranın başqa bir metodu İraq və Suriya vasitəsilə Livan “Hizbullah”ına silah yardımı etməklə İsrailə təzyiq etmək ola bilər. Oktyabrın 7-dən iki tərəf arasında sərhəd toqquşmaları davam edir. Amma hələlik quru əməliyyatına başlanılmayıb”.