Mandatı bu ilin noyabrında başa çatacaq Avropa Şurasının prezidenti Şarl Mişel Avropa Parlamentinə (AP) seçkilərdə iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, Mişel seçkilərdə Belçikanın Liberallar Partiyasının namizədləri siyahısına rəhbərlik edə bilər.
Mişel Belçika KİV-lərinə açıqlamasında iyununda AP-yə keçiriləcək seçkilərində iştirak etmək qərarına gəldiyini təsdiqləyib.
Onun sözlərinə görə, Avropa Şurasının rəhbəri vəzifəsi AP üzvünün işi ilə eyniləşdirilə bilməz, bu səbəbdən də iyulun 16-da AP-nin yeni çağırış deputatlarının andiçmə gününə qədər istefa verəcək.
Mişel həmçinin deyib ki, Avropa Birliyinin dövlət və hökumət başçıları iyunun sonu-iyulun əvvəlində Avropa Şurasının yeni prezidentinin seçilməsi üçün toplanacaqlar. O, ümid etdiyini bildirib ki, xələfi yayda bu vəzifəyə keçəcək. Əks halda, Avropa Şurasının rəhbərinin funksiyaları həmin vaxta qədər şuraya sədrlik edəcək Macarıstana verilə bilər.