8 Yanvar 12:20
2 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 13-də Tayvan adasında prezident və parlament seçkiləri keçiriləcək. Beynəlxalq aləm prosesi diqqətlə izləyəcək. Çünki seçkilərin nəticələri bölgədəki durumun hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri hesab edirlər ki, Çin Tayvandakı seçkilərin nəticələrinə təsir göstərməyə çalışır:

“Çindən verilən bəyanatlar və açıqlamalarda Tayvan seçicilərindən doğru qərar vermələri istənilir. Pekin Tayvanda yaşayan çinliləri inandırmağa çalışır ki, Tayvanın müstəqilliyini dəstəkləyən qüvvələr seçkilərdə qələbə qazanarsa, bu, bölgədə müharibə riskini artıracaq, bundan ada sakinləri əziyyət çəkəcək. Pekin Tayvanın iqtisadi imkanlarını məhdudlaşdıracağına və ada ilə bütün iqtisadi əlaqələrini kəsəcəyinə işarə edib.

Pekinin təhdidlərinə baxmayaraq, adanın müstəqilliyini dəstəkləyən Demokratik Proqressiv Partiyası və bu partiyanın prezidentliyə namizədi Uilyam Lay sorğularda liderliyini qoruyur. Müxalif “Qomindan” Partiyasının lideri Hu Yui rəqibi ilə arasındakı fərqi azaltmağa çalışır. “Qomindan” Pekinlə dialoqun tərəfdarıdır. Bu mənada Pekin seçkilərdə məhz bu partiyanın qələbəsini arzulayır. Yaponiyanın “Nikkei” nəşri yazır ki, Çinlə iqtisadi əlaqələri olan Tayvan şirkətlərinin işçilərinə “Qomindan”ın namizədlərinə səs vermək məsləhət bilinib. Demokratik Proqressiv Partiyasının üzvləri Çini adanın daxili işlərinə qarışmaqda ittiham edirlər”.

Təhlildə vurğulanır ki, ABŞ Demokratik Proqressiv Partiyasını dəstəkləyir:

“Partiya da Vaşinqtonla strateji müttəfiqliyin tərəfdarıdır. Partiya liderinin ada rəhbəri olduğu 8 ildə Tayvanla Çin arasında dialoq dondurulub. ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin adaya səfərini də məhz bu partiyanın lideri təşkil etmişdi. 2022-ci ilin avqustunda gerçəkləşən səfər Vaşinqtonla Pekin arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirdi. Halbuki Ağ Ev də Pelosinin səfərinin əleyhinə idi.

Çin Tayvan sakinlərinə iki seçim verib: Demokratik Proqressiv Partiyasına səs versələr, müharibə ilə üzləşəcəklər, “Qomindan”a səs versələr, sülhə, dialoqa və Çinlə birləşməyə üstünlük verəcəklər.

Çinin hazırkı lideri Si Cinpin də Tayvan sakinlərini tez-tez xəbərdar edir. O, ötən il Çin Kommunist Partiyasının qurultayında açıq formada dedi ki, danışıqlar yolu ilə Tayvanın Çinə birləşdirilməsi alınmasa, başqa üsullardan istifadə ediləcək. Yəni ada güc yolu ilə birləşdiriləcək. Cinpin bu yanaşmasını ötən il dekabrın 26-da Çinin qurucu lideri Mao Tszedunun anadan olmasının 130 illiyində də təkrarlayıb: “Vətən birləşməlidir, bu, bütün hallarda baş verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər