10 Yanvar 15:52
12 807
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin keçmiş prezidentlərindən Ceyms Monronun adını daşıyan “Monro doktrinası” 1823-cu ildə qəbul edilib. Həmin doktrinanın 200 ili tamam olub. Konqresin vaxtilə təsdiqlədiyi doktrina Avropa müstəmləkəçiliyinin Şimali və Cənubi Amerika qitələrindən uzaqlaşdırılması mahiyyətini daşıyırdı.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri bildirirlər ki, “Monro doktrinası” əsasən Cənubi Amerikada müstəmləkələri olan İspaniyanı hədəf seçmişdi:

“Sənəddə dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-nin Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerika dövlətlərinin daxili işlərinə qarışmaması tələb olunurdu. “Monro doktrinası” Qərb yarımkürəsində ABŞ-nin nüfuz dairəsini genişləndirmək imkanını artırırdı.

Vaşinqton bu doktrinadan Birinci Dünya Müharibəsi illərində imtina edərək, Avopada başlayan savaşa qatıldı. ABŞ müharibədən sonra yenidən Avropadakı toqquşmalardan uzaq qalmağa çalışsa da, İkinci Dünya Müharibəsindən də kənarda qala bilmədi. Yaponiyanın ABŞ-nin hərbi bazasına hücumu başqa seçim qoymadı. Keçmiş prezident Donald Tramp “Monro doktrinası”nı dəstəkləyirdi. O, Ağ Evə sahiblik etdiyi illərdə hesab edirdi ki, ABŞ yaxın ərazidəki problemlərin həlli ilə məşğul olmalıdır. Məsələn, Tramp üçün Meksika ilə sərhəddə divar tikmək digər qlobal məsələlərdən öndə gəlirdi.

Buna baxmayaraq, ABŞ-nin siyasi və ekspert dairələri “Monro doktrinası”nın mahiyyətini itirdiyi qənaətindədir. Bu mərkəzlər ABŞ-nin dünyadakı gücünün qorunması üçün aktivliyini azaltmamasını bildirirlər. Məsələn, bu doktrinaya görə, ABŞ nə Rusiya ilə savaşan Ukraynaya, nə də HƏMAS-la döyüşən İsrailə dəstək verməliydi. Ancaq Vaşinton belə etsəydi, beynəlxalq aləmin əsas problemlərindən kənarda qalacaq. Bu halda beynəlxalq aləmdəki liderlik onun rəqibləri Rusiya və Çinin əlinə keçəcək. Bu isə ABŞ-nin təhlükəsizlik maraqlarına ziddir”.

Təhlildə vurğulanır ki, Çin nəinki Avrasiya və Afrikada fəallığını artırıb, Cənubi Amerika ölkələri ilə də sıx əlaqələr qurub:

“Bunun özü “Monro doktrinası”nın prinsiplərinə ziddir. Çünki həmin doktrinaya görə, Çin Cənubi Amerikadan uzaq saxlanılmalıdır. Halbuki bu doktrina qəbul ediləndə Çinin nə vaxtsa güclü dövlət olacağı və Cənubi Amerikaya nüfuz edəcəyi kimsənin ağlına gəlməzdi. Vaşinqton üçün problem ondadır ki, Cənubi Amerikanın bir sıra ölkəsi Çinlə tərəfdaşlığa can atır. Məsələn, Braziliya Çinlə birgə BRİKS-in üzvüdür.

Rusiya və Çindəki ekspertlər də iki ölkənin “Monro doktrinası”na oxşar anlaşmanın hazırlanması təklifini irəli sürüblər. Bu təklifə görə, ABŞ-nin Avrasiyadakı fəallığının azaldılmasına çalışılmalıdır və bu materikdəki Amerika hərbi bazaları bağlanılmalıdır. Bəllidir ki, bu “doktrina”nın reallaşması ehtimalı azdır. ABŞ Avrasiyanı tərk etməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər