12 Yanvar 11:44
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Qırmızı dənizdəki ticarət gəmilərini qorumaq məqsədilə formalaşdırdığı ittifaqa daha çox dövləti cəlb etməyə çalışır. ABŞ bu ittifaqda hətta münasibətləri soyuq olan ölkələri də görmək istəyir. Söhbət bir çox dövlətə aid ticarət gəmilərin təhlükəsizliyindən gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Çin də Qırmızı dəniz üzərindən idxal-ixrac əməliyyatları həyata keçirir:

“Buna baxmayaraq, Pekin ABŞ-nin Qırmızı dənizdə formalaşdırdığı ittifaqa qoşulmayıb. Çinin hərbi gəmiləri Qırmızı dənizdə patrul xidməti aparmır. Əksinə, Çin ordusunun Baş Qərargah rəisi Lu Çenli ABŞ administrasiyasına məsləhət görüb ki, Pekinlə bağlı açıqlamalarında diqqətli olsun. O, amerikalı rəsmilərin Tayvan və Çinin artan hərbi gücü barədə açıqlamalarından narazı qalıb. Buna baxmayaraq, Pekinin Vaşinqtondan xahişi də olub. Pekin Çinin Arktikada qaz nəqli ilə məşğul olan iki şirkətinin sanksiya siyahısından çıxarılmasını istəyib. Həmin iki şirkət ABŞ layihələrində də iştirak edirdi.

Bu arada, “South China Morning” nəşri Çinin özəl mühafizə şirkətləri (Rusiyanın “Vaqner” qrupu kimi) yaratmaq istədiyini yazıb. Çin bu şirkətlər vasitəsilə dünyanın müxtəlif ölkələrindəki yatırım qoyduğu müəssisələrini qorumaq istəyir. Söhbət Çinin Afrika və Latın Amerikası ölkələrindəki investisiyalarından gedir. Pekini bu qərara gəlməyə məcbur edən səbəblər arasında Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik göstərilib. Pekinin mühafizə şirkətləri xarici ölkələrdə çalışan çinliləri, həm də avadanlıqları qorumalıdır”.

“Atlas” bildirir ki, dünyanın müxtəlif ölkələrində Çin kaptialına bağlı 47 min şirkət fəaliyyət göstərir:

“Bu şirkətlər əsasən enerji, infrastruktur tikintisi, istehsal və faydalı qazıntılar sahələrində ixtisaslaşıb.

Gərginliklər Mərkəzi Asiyadakı birgə müəssisələrdə də tez-tez qeydə alınır. Bəzi hallarda yerli işçilərlə gəlmə çinlilər arasında toqquşmalar baş verir. Ancaq Mərkəzi Asiya ölkələrinin öz ərazilərində Çinin mühafizə şirkətlərinə fəaliyyət göstərmələrinə icazə verməsi çətindir. Çünki yerli işçilər Çinin mühafizə şirkətlərinin əməkdaşları ilə də toqquşa bilər. Bu isə daha böyük gərginlik yaradacaq. Latın Amerikası ilə Afrika ölkələrinin də Çinin mühafizə şirkətlərinə “yaşıl işıq” yandıracaqları sual doğurur”.


Müəllif: Mənsur Rəğbətoğlu