Rusiya Moskva ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələri pisləyir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Yanvarın 12-nə keçən gecə qondarma beynəlxalq koalisiya - ABŞ və Britaniyanın başçılıq etdiyi qeyri-qanuni koalisiya suveren Yəmən ərazisində bir sıra obyektlərə raket və bombalı hücumlar həyata keçirib. Bizim narahatlığımız təsdiqləndi, ABŞ-nin BMT Təhlükəsizlik Şurasında Qırmızı dənizlə bağlı mövqeyi regionda gərginliyin daha da artması üçün sadəcə bəhanə idi. ABŞ və müttəfiqlərinin bu məsuliyyətsiz hərəkətlərini qətiyyətlə pisləyirik”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, Qırmızı dənizdə genişmiqyaslı hərbi eskalasiya son vaxtlar Yəmən məsələsinin nizamlanması prosesində yaranmış müsbət tendensiyaları inkar edə, eləcə də bütün Yaxın Şərqdə sabitliyin pozulmasına səbəb ola bilər.
“Biz ondan çıxış edirik ki, qeyri-qanuni koalisiyanın bu avantürası qlobal sülh və təhlükəsizliyə birbaşa təhlükə yaradır”, - Rusiya rəsmisi vurğulayıb.
Zaxarova xatırladıb ki, Rusiya BMT Təhlükəsizlik Şurasının təcili toplanmasını tələb edib.