Ukrayna ordusunun zabiti və həkimi Yarina Çernoquz qadınları səfərbər etmək ideyasını dəstəkləyir.
Teleqaraf.com xəbər verir ki, o, qadınların cəbhədə faydalı ola biləcəklərini, artıq bunun praktikada sübuta yetirildiyini bildirib.
Onun sözlərinə görə, ordunun ehtiyaclarına uyğun olaraq 100 minə yaxın qadın səfərbər oluna, bu da fiziki imkanlara, istəklərə və peşə bacarıqlarına uyğun seçilə bilər:
"Hər gün idman edən, qaçışla məşğul olan, ağırlıqqaldırma bacarığı və bel çantaları ilə uzun məsafələrə gəzinti təcrübəsi olan qadınlar piyada və kəşfiyyatçı ola bilərlər. Hər şey mümkündür. Bu cür qadınlar Ukraynada kifayət qədərdir".
Çernoquz hesab edir ki, qadınlar kişilər tərəfindən sıxışdırılma qorxusundan orduya getmirlər:
"Bu məni diksindirir ki, müdafiə qüvvələrində qadınların vətəni qorumaq vəzifəsi kişilərlə eyni səviyyədə qanunla təsbit olunmayıb".
Zabit Ukrayna hakimiyyətinin qadınları səfərbər etmək istəməməsinin səbəblərindən biri kimi döyüşəcək heç kimin olmaması iddiası ilə manipulyasiya etməyə çalışan Rusiyanın seksist təbliğatını göstərib:
“Qadınların səfərbər edilməsi bu təbliğatın effektli olmadığını göstərəcək".
Çernoquz iddia edir ki, məcburi səfərbərlikdə bərabərliyin olmaması müharibədən sonra kişilərin qadınlara münasibətinin pisləşməsinə səbəb olacaq:
“Bir çox qadın artıq Ukrayna uğrunda canını verib, bir çox kişi isə demək olar ki, 10 il davam edən müharibədə orduya getməyib”.
Hakim "Xalqın Xidmətçisi" Partiyasının deputatı Mariana Bezuqla bundan əvvəl bildirib ki, Ali Rada qanun layihəsi hazırlayır, buna əsasən səfərbərlik və qaydaları dəyişəcək. Onun sözlərinə görə, qanun layihəsi qəbul olunarsa, qadınlar hərbi qeydiyyata alınacaq.